İnnovativ İKT əsaslı pilot tədris otağının rəsmi açılış mərasimi

14 Yanvar 2014

    Yanvarın 14-də liseydə İKT əsaslı pilot tədris otağının açılış mərasimi keçirildi.

     Açılış mərasimində Azərbaycan Respublikasının Təhsil nazirinin müavini Ceyhun Bayramov, Koreya Respublikası Təhsil nazirliyinin nümayəndəsi Vu-Jung Kim və Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-in və digər qonaqlar iştirak edirdi.

    Pilot tədris otağı 42 noutbuk, 11 planşet, 4 monitor, şagirdlər üçün 20 stol və stul dəsti, 41 lisenziyalaşdırılmış antivirus proqramı və digər zəruri avadanlıqlar ilə təchiz edilib. Bu tədris otağının yaradılması təhsilin informasiyalaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir.

     Açılış mərasimində Təhsil nazırinin müavini cənab Ceyhun Bayramov çıxış etdi. O, Azərbaycan Respublikası Təhsil Nazirliyi adından Koreyanın Təhsil Nazirliyinə minnətdarlığını bildirdi. Nazir müavini müasir infrastruktura malik təhsil sisteminin yaradılmasının əhəmiyyətindən danışdı və bunun təhsil siyasətində prioritet təşkil etdiyini söylədi.

     Koreyanın Azərbaycandakı səfiri Çoi Suk-in qeyd etdi ki,bu tədris otağının yaradılmasında məqsəd Koreyadakı mövcud təcrübəni Azərbaycana gətirməkdən ibarətdir. Təhsil sahəsindəki əməkdaşlığın həm xalqlarımız, həm də dövlətlərimiz arasında dostluq əlaqələrini möhkəmləndirdiyini bildirən səfir İKT –nin tətbiqinin insani resursların inkişafındakı rolundan danışdı.

    Mərasimdə Koreya Respublikasını Təhsil Nazirliyini xanım Vu-Jung Kim təmsil edirdi. O da pilot tədris otağının yaradılmasının əhəmiyyəti haqqında öz fikirlərini bölüşdü və qarşılıqlı əməkdaşlığa verdiyi dəstəyə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinə minnətdarlığını bildirdi.

    Daha sonra liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Aygün Əzizova pilot tədris otağında liseyin şagirdləri ilə seminar keçirdi. Seminarda 9,10 və 11-ci sinif şagirdləri müxtəlif layihələr hazırlayıb təqdim etdilər. Qonaqlar şagirdlərin təqdimatından razı qaldılar. Onlar şagirdlərə sonrakı fəaliyyətlərində uğurlar arzuladılar.

    Sonra liseyin direktoru Məhəbbət xanım Vəliyeva liseydə yüksək texnologiyalara əsaslanan infrastruktura malik tədris otağının açılışına görə Koreya Respublikasının ölkəmizdəki səfirinə, Koreya Təhsil Nazirliyinin nümayəndəsinə minnətdarlığını bildirdi. Belə bir tədris otağının liseydə açılışına verdiyi dəstəyə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinə həm kollektivin, həm də valideynlərin razılığını çatdırdı. Qonaqları əmin etdi ki, bu diqqət və qayğı bizim məsuliyyətimizi daha da artıracaq və gələcək uğurlarımızın yardımçısı olacaqdır.