İyunun 4-də Bakıda 8-19 yaşlı yeniyetmə və gənclər arasında III Robot Olimpiadasının açılışı olub.
Olimpiadanın ölkəmizdə ilk dəfə keçirilən “İnnovasiya həftəsi” çərçivəsində təşkil edildiyini bildirən nazir müavini gənclərin informasiya texnologiyalarına marağının artırılması, müvafiq biliklərin verilməsi, regionlarda da bu sahənin inkişafı üçün görülən işlərin davam etdirildiyini bildirib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizov, Təhsil Nazirliyinin şöbə müdiri Fuad Qarayev çıxışlarında müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının təsir dairəsinin genişlənərək dövlət strukturlarını, vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə cəmiyyəti əhatə etdiyini bildiriblər. Qeyd olunub ki, Azərbaycanda İKT-nin tətbiqinə böyük diqqət yetirilir. Son illər bu sahədə böyük işlər görülüb, gənclərimiz bir sıra uğurlar əldə ediblər. Təsadüfi deyil ki, 2017-ci ildə Azərbaycanda ilk dəfə keçirilən Robot Olimpiadasında 8 ali və orta təhsil müəssisəsindən 22 komanda iştirak etmişdisə, 2018-ci ildə bu say 22 müəssisə və 54 komandaya qədər yüksəlib. Üçüncü olimpiadada isə 30 müəssisədən 62 komanda iştirak üçün qeydiyyatdan keçib. Bundan əlavə, olimpiadada ilk dəfə Gəncə, Sumqayıt şəhərlərindən və Lənkəran rayonundan olan yeniyetmə və gənclər də iştirak edirlər.
Açılış mərasimindən sonra olimpiadaya start verilib.
Olimpiada “INNOFEST” çərçivəsində Gənclər və İdman, Təhsil və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir. Yarış 8-19 yaşlı yeniyetmə və gəncləri əhatə edir və 6 kateqoriya üzrə keçirilir. Liseyimizin şagirdləri Bilalov Elvin, Bayramov Ruslan və Tahirov Cabir open category üzrə 2ci yerə layiq görülmüşdür. Onları təbrik edir və uğurlarının davamlı olmasını diləyirik!