Tarix boyu elmə, biliyə yiyələnmək, onu tədris etmək şərəfli iş hesab olunub. 15 sentyabr Azərbaycanın çoxmilyonlu təhsil ictimaiyyətinin bayramı - Bilik Günüdür. Bu günü ölkəmizin digər ümumtəhsil məktəbləri kimi liseyimiz də xüsusi qeyd edir.
15 sentyabr 2016-ci il tarixində məktəbin həyətində yeni dərs ilinin açılış mərasimi keçirildi.Tədbir müəllim, şagird və valideynlərin Azərbaycan Himnini oxumaları ilə başladı. Toplantıda liseyin direktoru Mehriban xanım Vəliyeva çıxış edərək bu əlamətdar gün münasibətilə bütün təhsil işçilərini, tələbə və şagirdləri ürəkdən təbrik etdi və onlara müvəffəqiyyət arzuladı. Direktor liseyin ötənilki uğurlarına nəzər salaraq olimpiadalarda, beynəlxalq elmi layihələrdə, müxtəlif müsabiqələrdə yer tutan şagirdlərimizi təbrik etdi. 202 məzundan 59-nun 600-dən yuxarı bal toplamasını, 11 nəfərin liseyi qızıl medalla bitirməsini, 3 şagirdin Prezident təqaüdünə layiq görülməsini, 26 nəfərin xaricdə tələbə adını qazanmasını xüsusi vurğuladı.
Tədbirdə iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, millət vəkili Gövhər xanım Baxşəliyeva liseyin kollektivinə uğur yolunda inamlı addımlarla irəliləməyi arzuladı. Daha sonra tədbir şagirdlərin hazırladıqları musiqi və rəqs nümunələri ilə davam etdirildi. Nəhayət, hamının səbirsizliklə gözlədiyi an - birinci zəngin sədası eşidildi və şagirdlər liseyə daxil olmağa başladılar. “ Heydər Əliyev və Azərbaycan” mövzusunda ilk dərsi də Gövhər xanım Baxşəliyeva apardı.
Qeyd etmək istərdik ki, yeni dərs ilində bütün təhsil işçilərini, tələbə və şagirdləri yeniliklər gözləyir. Yeniliklər isə həm də uğurların başlanğıcı deməkdir. Bütün kollektivə yeni tədris ilində uğurlar arzulayırıq. Yeni dərs iliniz mübarək !