Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir

21 Fevral 2017

Dil xalqın ruhunun təzahürüdür. Dil onun ruhu, o isə dilin ruhudur.

Humboldt

Dil keçmiş nəsillərin düşüncəsinə biçilmiş libasdır. Dil nə qədər böyük meydan aça bilsə, fikir də özünü o qədər azad hiss edər. Heydər Əliyev deyirdi:"Hər bir xalq öz dili ilə yaranır. Xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur ". 

21 Fevral 2017-ci il tarixində Akademik Zərifə Əliyeva adına liseydə Azərbaycan dili və ədəbiyyatı müəllimi Nigar Axundovanın rəhbərliyi ilə "Mənim Ana dilim" başlıqlı tədbir keçirildi. Tədbirdə 9a1+ sinif şagirdlərinin varvarizmlərin dildə qarşılığı olduğu halda işlədilməsinə etiraz olaraq hazırladıqları qısa video-çarx, 9a2 sinif şagirdlərinin  Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsərindən səhnələşdirdikləri kiçik bir səhnə, 10a3 sinif şagirdlərinin isə şəhərdə Beynəlxalq Ana Dili Günü ilə bağlı apardıqları sorğu nümayiş etdirildi.Tədbirin sonunda liseyin direktoru Mehriban Vəliyeva çıxış edərək  müəllim-şagird kollektivini bu gün münasibətilə təbrik edərək dedi: "Bu dil bizim ruhumuzun hər hissinin, həm sevincinin, həm də kədərinin tərcümanıdır. Bu dil tariximizə salınan körpüdür. Bayatının, dili yüyrək olan nağılların, Dədə Qorqudun boy boylayıb, soy soyladığı dastanın dilidir. Xətayimizin zirvələrə yüksəltdiyi, hər sözündə, cümləsində ulu əcdadlarımızın hay-harayı duyulan dildir. Bu gün dilimizin öz günüdür, söz günüdür. Əziz şagirdlər, dilimizi uca tutun, onda olan hər sözün qədrini bilin, ona dəyər verin ".