Bakıda keçirilən 47-ci Beynəlxalq Kimya Olimpiadasında liseyimizin şagirdi ölkəmizi uğurla təmsil edib

14 Sentyabr 2015

     Kamil odur ki, qoya dünyada bir əsər
Əsəri olmayanın yerində yellər əsər
                                           Mövlanə
 
Ağıl kimi dövlət, yaxşı xasiyyət kimi dost, ədəb kimi miras, elm kimi şərəf olmaz. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə keçirilən Beynəlxalq Kimya Olimpiadası təhsilimizin uğurları sırasına daha bir uğur qatdı. İlk dəfə olaraq Azərbaycanımız ən mötəbər elm müsabiqəsinə ev sahibliyi etdi. Dünyanın 75-dən çox ölkəsindən gəlmiş qonaqlar vətənimizin gözəlliyinə,qonaqpərvərliyimizə, mədəniyyətimizin zənginliyinə, təşkilatçılığımızın yüksək səviyyədə olmasına heyran qaldılar.  Məlumdur ki, bu elm müsabiqəsində bizim ən əsas amalımız bu şüarda öz əksini tapmışdı: "Elm meydanında biz də varıq". 
Akademik Zərifə Əliyeva adına liseydə yetişən gənc istedadlara biz müəllimlərin bir məsləhəti var: "Siz elə bir dünyaya gəlmisiniz ki, orada yalnız güclülər seçilir. Siz də güclü olun, ancaq əsla vicdanınızı satmayın. Elmdə halallıq ən önəmli məsələdir. Çalışın ki, dünyanı ovcunuzda tutub əlinizi kainata uzada biləsiniz."
Sevindirici haldır ki, bu mötəbər yarışda Azərbaycan komandasının üzvlərindən liseyimizin builki məzunu, Azərbaycan Respublikasının Əməkdar müəllimi, öz elmində daim irəliləyən, yüksək uğurlar əldə edən Aygün Əzizovanın rəhbərlik etdiyi sinfin şagirdi Sergey Styopin seçilərək bürünc medalın sahibi oldu. O, uğur əldə etməyində müəllimlərinə borclu olduğunu söylədi. 
Akademik Zərifə Əliyeva adına liseydə ən sevindirici hal dəstəkləyici mühitin olmasıdır.Bu dəstəkləyici mühiti yaradan isə başda liseyimizin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, yüksək savad və mədəniyyət sahibi olmasıyla istər müəllim, istərsə də şagirdlər üçün nümunə olan, bütün mürəkkəbliklər içərisində öz sadəliyi və təvazökarlığı ilə seçilən  Mehriban xanım Vəliyevadır. O, daima yeni ruh, yeni nəfəs axtarışındadır. O, zərgər dəqiqliyi ilə kamil biliciləri öz müdriklik ocağına toplayaraq yüksək zirvələri fəth yolunda inamlı addımlarla irəliləyir.
Müəllimlərin daim inkişafda, axtarışda olması, uğur əldə etmələri şagirdləri də bu istiqamətdə ruhlandırır. Uğurlu müəllimlərin şagirdləri də uğur əldə etmək yolunda çəkinmədən mübarizəyə qoşulur və təhsilimizin dünyaya tanınmasında əvəzsiz xidmətlər göstərirlər. 
Sergey Styopinin müsahibə zamanı dediklərindən:
- 2014-cü ildə  Beynəlxalq Mendeleyev Olimpiadasına hazırlıq  üzrə Azərbaycan komandasına daxil olduqdan sonra kimya elminə marağım daha da artdı. O zamana qədər  mən olimpiadalara hazırlaşmırdım və yaxşı nəticələrim yox idi. Lakin son bir il ərzində yüksək səviyyəli kimya olimpiadalarına çox ciddi surətdə hazırlaşmağa başladım.  Ötən dərs ilinin  başlanğıcından  bəri 47-ci Beynəlxalq Kimya Olimpiadasına  hazırlıq çərçivəsində çoxsaylı olimpiada tapşırıqlarını  həll etdim, hər gün bir neçə saatımı kimyaya ayırdım.  Uğur qazanmağımda  valideynlərimin, eləcə də Bakı Dövlət Universitetinin  müəllimi, kimya üzrə fəlsəfə doktoru, dosent  Xəmməd Əsədovun, MDU-nun tələbəsi Milana Ağayevanın  xüsusi əməyini qeyd etmək istərdim. Eləcə də oxuduğum liseyin direktoru Azərbaycan Respublikasının Əməkdar  müəllimi Mehriban Vəliyevaya,  sinif rəhbərim,  Azərbaycan Respublikasının Əməkdar  müəllimi Aygün Əzizovaya göstərdikləri dəstəyə görə ayrıca minnətdarlıqlarımı çatdırmaq istəyirəm.
Olimpiada barədə təəssüratlarım böyükdür.  Biz dəniz kənarında çox gözəl "Krezent Biç"  otelində yaşayır,  hər gün şəhərimizin tarixi yerlərinə baş çəkir  və müxtəlif  tədbirlərdə iştirak edirdik.  İmtahan turlarının təşkili çox gözəl səviyyədə idi.  Biz ən müasir  avadanlıqlarla işləyirdik.  Böyük kimya elminin imkanlarını  qiymətləndirmək üçün bizə çox maraqlı tapşırıqlar təklif olunmuşdu.  Burada, əlbəttə ki,  M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, onun əməkdaşlarının, ilk növbədə isə Bakı  filialının rektoru, 47-ci Beynəlxalq Kimya Olimpiadasının prezidenti Nərgiz Paşayevanın xüsusu rolu  qeyd edilməlidir.  Məhz   rektor professor Nərgiz  Paşayeva bu  olimpiadanın  uğurlu keçməsi üçün çox işlər görmüşdür.  Beynəlxalq Kimya Olimpiadasının  Rəhbər  Komitəsinin  sədri,  professor Dukvan Li də  Bakda təşkil olunan tədbiri indiyə kimi iştirak etdiyi ən yaxşı olimpiada  kimi qiymətləndirdi.
 Gələcək planlarıma gəldikdə deməliyəm ki, mən MDU-nun Bakı filialının kimya fakültəsinə daxil olmuşam.  Bir ildən sonra təhsilimi Moskvada davam etdirəcəyimə ümid edirəm. Gələcək həyatımı elmə həsr etmək istəyirəm.  Öz vətənimin dünya ölkələri arasında daha da şöhrət qazanmasına   və  kimyanın böyük elm olduğunu sübut etməyə çalışacağam".
Biz də liseyimiz adından sevimli şagirdimizə uğurlar diləyir və elm meydanında göstərdiyi hünərlərin bol olmasını səmimi qəlbdən arzu edirik.