Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun keçirdiyi 8-ci qrant müsabiqəsi çərçivəsində iki günlük tədbir keçirilmişdir. Qrant müsabiqəsinin qalibi olan Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının baş müəllimi Abbas Əlili Mübariz İbrahimov adına Biləsuvar məktəb lisey kompleksinin və akademik Zərifə Əliyeva adına liseyin 9- cu sinif şagirdlərinə “Gənclər üçün İKT təlimləri” layihəsinə uyğun olaraq təlimlər keçmişdir.
Təlimin əsas məqsədi orta məktəb şagirdləri arasında elektrik, elektronika, robotiks və avtomatika mühəndisliyinə maraq yaratmaqdır. Şagirdlər həmçinin BANM-in 2-ci kurs PAM 15.1 tələbələri tərəfindən düzəldilmiş qurğular ilə tanış olublar. Bununla yanaşı, şagirdlər BANM-in Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı tərəfindən universitetdaxili turda iştirak ediblər. Tədbirin sonunda şagirdlərə sertifikatlarla yanaşı ARDUİNO Uno qurğuları da hədiyyə olunub.