Azərbaycanlı tələbələrin ixtirası 20 000 dollar mükafata layiq görüldü.

02 İyul 2020

Azərbaycanlı 11-ci sinif şagirdləri Zəhra Qasımzadə (Akademik Zərifə Əliyeva adına liseyin şagirdi), Züleyxa Kişiyeva (S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının XI sinif şagirdi), Nofəl Qədimli (Akademik Zərifə Əliyeva adına liseyin məzunu, Orta Doğu Teknik Universitetinin 1ci kurs tələbəsi) və Ülvi Musayev (Sabancı Universiteti 1-ci kurs tələbəsi) “Click Energy” adlı klavişlərdən enerji alan klaviatura düzəldib və bu ixtiraları ilə dünyanın ən böyük olimpiadası olan GENIUS Olimpiadasının (“GENİUS Olmypiad” https://geniusolympiad.org/) biznes kateqoriyası üzrə finala vəsiqə qazanaraq, hər biri 20 000 dollar dəyərində mükafata (universitetdə təhsil təqüdünə) layiq görülüblər.
GENIUS Olimpiadası ətraf mühit məsələlərinə dair qlobal bir anlayışı və təməl elm, sənət, yaradıcı yazı, mühəndislik, dizayn və biznes inkişafı ilə davamlılığa nail olmağı təşviq edir. GENIUS olimpiadası orta məktəb şagirdləri üçün vətəndaşlar, liderlər, elm adamları, rəssamlar, yazıçılar, mühəndislər və gələcəyin siyasət aparıcıları olmaq üçün kömək edəcək bilik və bacarıqları aşılamaq üçün çətinliklər və fürsətlər təqdim edir.
GENIUS Olimpiadası “TERRA Science and Education” və “Rochester Institute of Technology” təşkilatları tərəfindən hər il keçirlir.
Qeyd edək ki, eyniadlı layihə ilə gənc ixtiraçılar bundan öncə “upNEXT Startup Competition” adlı yarışmasından da 3000 dollar mükafatı da qazanmışdılar. Bundan başqa, gənc ixtiraçılar “Elevate the Future Cloud 9” adlı sahibkarlıq yarışmasında və “Climate Launchpad” dünyanın ən böyük yaşıl biznes ideyaları yarışmasında finala vəsiqə qazanıblar.
Gənc ixtiraçılar “Click Energy” layihəsi ilə “Blue Ocean Competition” (https://www.youtube.com/watch?v=fr4oF_LYtF8&t=11s) məktəbli təşəbbüskarların biznes yarışmasında isə 600 layihə arasından seçilmiş ən yaxşı 10 layihədən biri olmuşdur. 2019-cu ildə isə, “Click Energy”  “The Create the Future Design Contest” proqramında dünya üzrə ən yaxşı 100 layihədən biri (https://contest.techbriefs.com/2019/entries/electronics-sensors-iot/9979) olmuşdur.