Türk əsirlik qəbul etməyən bir millətdir.
18 Oktyabr 2016-cı il tarixində Akademik Zərifə Əliyeva adına liseydə “Azadlıq ruhumdur” adlı təntənəli mərasim keçirildi. Akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban xanım Vəliyeva üzünü Azərbaycan gəncliyinin timsalı olan şagirdlərə tutaraq dedi:
- Üzərində şəhidlərimizin qanını daşıyan, sinəsində ay və ulduzu olan bayrağımız azadlığımızın ən əsas şahididir. Azad insanın cismi əsir edilə bilər, amma ruhu əsla ələ keçirilə bilməz. Azadlıq olmazsa, bir ölkə qalar, fəqət artıq bir vətəndən söhbət gedə bilməz. Əziz Azərbaycan övladları, Bizlərin borcu Sizlərin gənc ürəklərinə azadlığı bir toxum kimi səpməkdir. Sizlərin borcu isə Azadlıq adlı o toxumu qəlbinizdə cücərdərək əbədi yaşatmaqdır. Unutmayın ki, Azadlıq son nəfəsinizdə belə vaz keçməyəcəyiniz nemət və əbədi yaşayacaq ruhunuzdur.
Daha sonra liseyin tarix müəllimi Pərviz Ağalarov Azərbaycan tarixinə qanla yazılan 20 Yanvar hadisələrinin məntiqi yekununun məhz 18 oktyabr tarixi olduğunu söylədi. Azərbaycanın müstəqilliyi haqqında olan video-çarxın nümayişindən sonra tədbir Azərbaycana həsr edilmiş şeir, rəqs, musiqi nömrəsi ilə davam etdirildi.