Azadlığın cənnət ətri

19 Yanvar 2017

 Qan tökməyi sevən millət deyilik, ancaq mövzu vətəndirsə, bizim dirimiz əsgər, ölümüz isə şəhiddir. 

Bir ev tikdim dəyirmi,

Pəncərəsi iyirmi,

Ölüb hara gedirsən,

Bu yurd sənin deyilmi?

                  (Ağı)

Uzaq keçmişdən gələn bu ağıda bir ananın fəryadı necə də aydın hiss olunur. Əsrlər keçəcək və ağıda adı keçən 20 rəqəmi qara pəncərəyə-haşiyəyə alınacaqdı... Bu rəqəm xalqın qan yaddaşının, ən əsası özünəqayıdışın rəmzinə çevriləcəkdi. Yurdun əbədiliyi üçün şəhid olacaqdı Vətən övladı... Anasının göz yaşı Şəhid düşərkən onun pak cismini yuyacaqdı və canından çox sevdiyi Vətəninin bağrında əbədi yuxuya gedəcəkdi. 

1990-cı il... Azadlığı qazanmaq hissinin verdiyi cəsarət... Haqqın olanı haqsızdan almalı olduğunun zamanı gəldiyinə əmin olmaq... Xəlil Rza Ulutürkün şeirlərinin birində yazdığı kimi:

                                     Azadlığı istəmirəm, zərrə-zərrə, qram-qram,

                                     Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram...

Xalq qolundakı zəncirləri qıracaqdı, ancaq... 131 şəhid, ən əsası 131 cüt göz  bağlanacaqdı həyata. 131 ananın hıçqırıqları qarışacaqdı torpağa... Bizim rahat yaşamağımız üçün  131 Vətən övladı əbədi yuxuya gedəcəkdi. Bir ay-ulduz uğruna necə günəşlərimiz qürub edəcəkdi. Bir sözlə, Azərbaycan övladlarının Vətən sevgisi qəlbdə başlayaraq Şəhidliklə bitəcəkdi. 

19 yanvar 2016-cı il tarixində Akademik Zərifə Əliyeva adına liseyin rəhbərliyi və bir qrup müəllim-şagird  heyəti Şəhidlər Xiyabanını ziyarət etdi. Daha sonra liseydə "20 Yanvar-Qan yaddaşımız" başlıqlı tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri liseyin direktoru Mehriban Vəliyeva açıq elan etdikdən sonra çıxış üçün söz liseyin Tarix müəllimlərinə verildi. Tədbir Bəhruz Vaqifoğlunun rəhbərliyi ilə hazırlanmış tamaşanın nümayişi ilə yekunlaşdı. 

Son olaraq demək istərdik ki, EY ŞƏHİDİM, Sizlər Vətən üçün yaşayıb, onun üçün öldünüz. Əmin olun ki, Sizlər torpaqda deyil, qəlbimizdə dəfn olundunuz... Sizi son nəfəsinə qədər hər bir azərbaycanlı qəlbində yaşadacaqdır. Ruhunuz şad olsun, Vətənin cənnət ətirli övladları!