Dekabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası və Yer Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyeva adına Liseydə “Elm” guşəsinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov liseydə belə bir guşənin yaradılmasını elmin inkişafına xidmət edən amillərdən biri kimi qiymətləndirib. Əlavə edib ki, şagirdlər bu guşədə toplaşaraq, elmlə bağlı müzakirələr aparmaq üçün geniş imkanlar qazanacaqlar.
Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov bu layihənin Şuranın təhsil müəssisələrində həyata keçirdiyi ilk iş olmadığını söyləyib. Onun sözlərinə görə, akademiyanın institutlarında mütəmadi olaraq məktəblilər üçün “Açıq qapı” günləri təşkil edilir. Bu kimi layihələr yetişməkdə olan gənc nəslin bilik və bacarıqlarını artırır. “Elm” guşələri digər elmi bölmələri də əhatə etməklə, Bakı şəhəri və regionların bir çox məktəblərində təşkil olunacaq.
Liseyin direktoru, filologiya üzrə fəlsəfə doktoru Mehriban Vəliyeva belə tədbirlərin istedadlı gənclərin üzə çıxarılması işindəki rolundan danışıb. Onun sözlərinə görə, belə layihələr yaxın gələcəkdə fundamental, təbii, texniki elmlər və yüksək texnologiyalar üzrə ixtisaslaşan gənc mütəxəssislərin sayının artmasına kömək edəcək.
Sonda tədbir iştirakçıları Geologiya və Geofizika İnstitutu, Respublika Seysmoloji Xidmət Mərkəzi və akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu haqqında əyani vəsaitlərin yer aldığı “Elm” guşəsi ilə tanış olublar.
http://azertag.az/xeber/Akademik_Zerife_Aliyeva_adina_Liseyde_Elm_gusesi_achilib-915271
http://gencalimler.az/az/news/738/
http://science.gov.az/news/open/2981