Müəllimləri təbrik edənlər sırasında liseyin məzunları, şagirdləri ilə yanaşı Bülbül adına orta ixtisas musiqi məktəbinin müəllim-şagird kollektivinin nümayəndələri də var idi. Qonaqların və liseyin şagirdlərinin müəllimlər üçün hazırladıqları maraqlı rəqs, mahnı, səhnəcik nümunələri kollektivə sevinc dolu anlar yaşatdı.
Biz də Akademik Zərifə Əliyeva adına lisey olaraq öz adımızdan həyatımızı dəyişdirən, qəlbimizdə əbədi imzası olan, Azərbaycan üçün, bu Vətənin gələcəyi üçün çalışan bütün memarların, yəni müəllimlərimizin və həmkarlarımızın bayramını təbrik edir və öz adımızdan deyirik:
-Biz bir bağçayıq, şagirdlərimiz isə bu bağçanı bəzəyən çiçəklərdir. Biz bir zərgərik, onlar isə ən dəyərli daş olan almazdırlar. Biz bir qələmik, onlar isə bizim əbədi imzamızı atacağımız dəftərlərdir.
Biz bir müəllimik! Şagirdlərimizə kin və nifrəti yox, sevgini, sevməyi öyrədirik. Onlara dostluğu, qardaşlığı, ana qucağı qədər doğma olan Vətən torpağına əbədi sevgini öyrədirik. Şagirdlərimizə oxumağı, yazmağı, kiçikləri qorumağı, böyüklərə hörmətlə yanaşmağı, danışanı dinləməyi öyrədirik.
Biz bir müəllimik! Bir alimin qələmində, bir şairin şeirində, bir möminin duasında, bir memarın əsərində , bir körpənin qəlbində yaşayan və əbədiyyətə hökm edənik.
Biz bir müəllimik! Qaranlığın və cəhalətin məhvinə səbəb günəşik! Könüllərdə mükafat alan əzm və iradə sahibiyik! İnsanlığa azadlıq bəxş edən və aydınlığa gedən yolları, biliyin, şəhidlərin qanları ilə sulanan Vətən torpağının dəyərini, xeyirxahlığı,bir sözlə, İnsanlığı öyrədənik. Bayramımız mübarək!