Akademik Zərifə Əliyeva adına liseyin 11A3 sinif şagirdi İsmayılova Səbinə "Ədəbiyyat biliciləri" müsabiqəsində 30 000 şagird arasında 2-ci yerə layiq görülüb.

02 İyun 2017

Ağıl köhnəlməyən geyim, bilik isə tükənməyən xəzinədir.

Ərəb atalar söz

Makedoniyalı İskəndərin 7 alimlə çəkildiyi xəlvətin hörmətli qonağı, dahi Nizamiyə əbədiyyət qazandıraraq sirlərə qədəm basmış Gəncə kitabxanasının bəzəyi, daş divarlarına "Ruhun şəfa tapdığı yer" deyilərək cızıldığı İskəndəriyyə kitabxanasının incisi, insan düşüncəsinin ən parlaq incilərini özündə toplayaraq gələcək nəsillərə ötürən, müqəddəs nemət olan kitablar... 

Hər vərəqləndikcə insan ruhunda xəzan yarpaqlarıtək bir insanın dünyada eşidəcəyi ən ecazkar səsi yaradan, ölməz fikirləri tarix boyu hər sətrində yadigar saxlayan, ən çətin anda insanın qəlbində qürub edən günəşini təkrar zühur etdirəcək gücə malik müdrik müəllimlər-kitablar...Həqiqətən də hər kitab bir müdriklə söhbətə bərabər deyilmi?! Həyatda hər gün bir müdrik insanla söhbətdən gözəl nə ola bilər axı !?

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən "Ədəbiyyat biliciləri" müsabiqəsinin də əsas məqsədi diqqəti mütaliəyə yönəltmək, Azərbaycan gəncliyinin daha yaradıcı düşüncəyə malik, demokratik, ən əsası sağlam düşüncə sahibi olan gənclik kimi yetişməsinə dəstək olmaqdan ibarət idi. 

2 iyun 2017-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən "Ədəbiyyat biliciləri" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Akademik Zərifə Əliyeva adına liseyin 11A3 sinif şagirdi Səbinə İsmayılova 30.000 şagird arasından seçilərək 2-ci yerə layiq görüldü. 

Bu uğur münasibətilə Akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyevanı, İnformasiya Resurs Mərkəzinin (Kitabxana) rəhbəri İradə Hacızadəni, Azərbaycan dili və ədəbiyyat müəllimi Bağırova Güneli  və ən əsası Səbinə İsmayılovanı  təbrik edir,uğurlarının davamını diləyirik.