2016-2017- ci tədris ilində İngilis dili kafedrası ünsiyyət dili İngilis dili olan Kitab klubu yaratmaq qərarına gəldi.
Əslində bu ideya müntəzəm olaraq aparılan danışıq klublarında yarandı və İngilis dilində sərbəst fikir ifadə edə bilən şagirdlərin sevincinə səbəb oldu. Buna səbəb isə həmin şagirdlərin məktəb proqramından kənar biliklərini inkişaf etdirmək və bununla yanaşı ədəbiyyatdan zövq almaq imkanı əldə edə bilməsidir.
İngilis dili kafedrasının bu klubu yaratmaqda əsas məqsədi şagirdlərə oxuduqları kitabları paylaşmaq, müzakirə etmək imkanı vermək və liseydə oxu mədəniyyəti formalaşdırmaq, məktəb icmasının kitaba verdiyi yüksək dəyəri göstərməkdir.
Biz ümid edirik ki, bu kluba üzv olmaqla Siz kitabları orijinal dillərində oxuyaraq lüğət ehtiyatınızı artıracaq , dinləyib-anlama bacarığınızı formalaşdıracaq, kollektiv şəkildə kitab oxumaq vasitəsilə praktik oxunuzu inkişaf etdirəcək və uğurlu müzakirələr aparacaqsınız.
İlk olaraq şagirdlər klubumuzda Con Boynun “ The boy in the Striped Pyjamas” (Zolaqlı pijamalı oğlan) romanını oxudular və hər aylıq görüşdə 3-4 fəsil müzakirə etdilər. Onu da qeyd edək ki, klubumuza üzv olmaq istəyən şagirdlərin sayı gündən-günə artmaqdadır.
Son olaraq qeyd etmək istərdik ki, bu klub kitaba sevgisi olan, mütaliəni sevən, müzakirələrdə iştirak etmək istəyən, İngilis dilində fikrini ifadə edə bilən hər kəsin üzünə açıqdır. Hər birinizi klubumuzda gözləyirik!