Bu ilin aprelin 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) buraxılış siniflərinin (yalnız XI sinif) şagirdləri üçün fizika, riyaziyyat və kimya fənləri üzrə Respublika Fənn Olimpiadası keçirilib. Olimpiadada Bakı şəhərinin ümumtəhsil məktəblərindən ümumilikdə 201 nəfər XI sinif şagirdi iştirak edib. Onlardan 71 nəfəri fizika üzrə, 90 nəfər riyaziyyat üzrə, 40 nəfəri isə kimya fənni üzrə biliklərini yoxlayıb.
Qeyd edək ki, olimpiada Azərbaycan və rus dillərində olmaqla yazılı formada aparılıb. Olimpiadada hər şagird yalnız bir fənn üzrə iştirak etmək hüququna malik olub. Olimpiada gənclərin dəqiq elmlərə marağının artırılması, istedadlı gənclərin aşkarlanması və onların peşə yönümünün istiqamətləndirilməsi məqsədi ilə keçirilib.
Liseyimiz şagirdlərindən Abbas Abbaslı və Nihad Abbaszadə Fizika fənni üzrə uyğun olaraq 2-ci və 3-cü yerləri tutmuşlar. Şagirdlərimizi təbrik edir və uğurlarının davamını diləyirik.