700 bal toplayaraq adlarını Akademik Zərifə Əliyeva adına liseyin tarixinə qızıl hərflərlə yazdıran İsmayılova Səbinə və Əhmədov Elmir

12 May 2017

İnsan ancaq düşüncələrini yüksəltməklə yüksələr, qələbə çalar.

 

Uğura aparan yol yoxdur. Uğurun özü bir yoldur. Uğurlu bir insan ola bilmək üçün  özünüzə güvənməli, intizamlı çalışmalı, dünyada görmək istədiyiniz dəyişikliyi öncə öz üzərinizdə tətbiq edib reallaşdırmağa cəhd etməli və ən əsası uğursuzluqda belə uğuru axtarmalısınız.

Stiv Çandler yazırdı: “Hər insanda bir dahi  olmaq imkanı var”. Uğur insanın bir işə başladığı nöqtə ilə hədəfə çatdığı yer arasındakı fərqdir. Uğuru hədəfləmək lazım deyil. İnsan sevdiyi işi qəlbdən sevərək etsə, uğur mütləq şəkildə özü onu tapar və arzuladığı Zirvəyə yüksəldər.

2017-ci il 30 may tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən (III ixtisas qrupu) imtahanda ölkə üzrə yalnız bir nəfər - Akademik Zərifə Əliyeva adına liseyin 11A3 sinif şagirdi İsmayılova Səbinə uğur zirvəsini fəth edərək liseyimizin tarixinə  İLK 700 balı yazdı.

2017-ci il 7 may tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən (I ixtisas) imtahanda isə ölkə üzrə yalnız 5 nəfər 700 bal topladı. O şagirdlərdən biri olan  Akademik Zərifə Əliyeva adına liseyin 11A1 sinif şagirdi Əhmədov Elmir  700 bal toplayaraq adını lisey tarixinə qızıl hərflərlə yazdırdı.

Hər iki şagirdin üzərində əməyi olan hər kəsi: valideynləri, müəllimləri təbrik edir və uğurlarının davamını diləyirik. Ən əsası bizə bu sevinci yaşadan hər iki şagirdə təşəkkür edir və seçdikləri sahə üzrə daima uğur zirvəsində olmalarını arzulayırıq.