Bu gün YUNESKO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul edilmiş qərarı əsasında qeyd olunur. Məqsəd dünya ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələlərinin qorunmasına yönəltməkdir.
Hər bir ölkənin tarixi qədimliyi onun maddi-mədəniyyət yadigarlarının çoxluğu və qədimliyi ilə ölcülür. Bu cəhətdən ölkəmizin bəxti gətirmişdir. Qobustan, İstisu qayaüstü təsvirləri, Əlincə, Gələrsən-Görərsən kimi qalalarımız, Möminə xatın, Şah Abbas məscidi, Təzəpir məscidi kimi dini ibadətgahlarımız, Şirvanşahlar, Şəki xan sarayı kimi nadir memarlıq abidələrimiz bu qəbildəndir.
Hazırda işgal altında olan dünya əhəmiyyətli mədəni-tarixi abidələrimiz-Azıx və Tağlar mağaraları dünyanın ən qədim insan yaşayan məskənlərindəndir. YUNESKO-nun siyahısına düşmüş bu mağaralardan tapılmış maddi mədəniyyət nümunələri hələ 1981-ci ildə Parisin İnsan muzeyində "Avropanın ilk sakinləri” adlı sərgidə nümayiş etdirilmişdir.
2002-ci ildə Respublikamız Abidələrin Bərpası və Tədqiqi Beynəlxalq mərkəzinə üzv qəbul olunmuşdur. Azərbaycan tarixində ilk dəfə olaraq Şirvanşahlar saray- kompleksi və Qız qalası da daxil olmaqla İçərişəhər Dövlət Tarıxı- memarlıq kompleksi YUNESKO-nun “Dünya mədəniyyəti irsi” siyahısına daxil edilmşdir.
Tarixi abidələrin mühafizəsi günü ilə bağlı Şirvanşahlar saray- kompleksində keçirilmiş tədbirdə məktəbimizin şagirdləri də iştirak etmişlər. Saray-kompleksdəki qədim eksponatlar haqqında topladıqları yeni məlumatlar, şagirdlərimizin qədim tariximiz, mədəniyyətimiz barədə olan biliklərini daha da zənginləşdirmişdir.