"Hər bir uşağın qayğısına qalaq!"
Azərbaycanda BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ilə bağlı "Uşaq hüquqları aylığı" çərçivəsində "Hər bir uşağın qayğısına qalaq!" devizi ilə keçirilən silsilə tədbirlərin davamı olaraq liseydə Ombudsman Aparatının əməkdaşları ilə görüş keçirilmişdir.
Müəllim və şagird kollektivinin iştirak etdiyi bu maarifləndirici tədbiri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Rəşid Rumzadə apararaq, Ombudsmanın fəaliyyətində uşaq hüquqlarının müdafiəsi və təmininin mühüm yer tutduğunu diqqətə çatdırmışdır.
Treninq-seminarda BMT-nin İnsan Hüquqları Ümumi Bəyannaməsi, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu, uşaq hüquqları sahəsində ölkəmizin qoşulduğu beynəlxalq sənədlər barədə geniş məlumat verilmiş, uşaq hüquqları mövzusunda roliklər nümayiş etdirilmişdir.
Tədbirdə liseyin müəllim və şagird kollektivinə Ombudsman təsisatında hazırlanmış müvafiq hüquqi nəşrlər və plakatlar təqdim olunmuşdur.