Beynəlxalq Sülh Günü

21 Sentyabr 2015

Sülh olmasa, övladi-Vətən bəxtəvər olmaz
 
Azadəliyi, sülhü sevirlər bizim ellər,
 
Bir yerdə ki sülh ola, o yerdən zərər olmaz!
 
Əliağa Vahid
 
 
 
Beynəlxalq Sülh Günü — 21 sentyabr tarixində bütün dünyada qeyd olunan bayram.
 
Beynəlxalq Sülh Günü BMT-nin 30 noyabr 1981-ci ildəki qərarı ilə bütün dünyada qeyd olunur. Dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs vermişdir. 1999-cu ildə rejissor Ceremi Cilli insan cəmiyyətinin əsas problemləri və nisbətən təcili həll olunmalı olan məsələlər barəsində "Peace one day"i yaratdı. Onun əsas cəhd etdiyi o idi ki, heç olmasa ildə bircə gün bütün dünyada insan zorakılığının baş verməsinin qarşısını alsın, atəşkəs olsun.
 
21 sentyabr nəinki yalnız xalqlar arasında, eyni zamanda, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür. Bu səbəbdən də 21 Sentyabr bütün planet insanları üçün çox vacibdir.
 
Bu səbəbdən də yaşından, irqindən, milliyətindən, dinindən və cinsindən asılı olmayaraq sülhə nail olmaq istəyən hər kəsin yardımına ehtiyac var.
 
Sülh azadlıq deməkdir. Sülh göydə dalğalanan bayrağın, anamızın südü qədər müqəddəs olan torpağın varlığıdır. Sülh gələcək nəslimizin Ana torpağımızda asudə yaşaması, ata-baba məzarlarımızın tənha qalmamasıdır. Sülh vətən və şəhidlər üçün oxunan ağıların yerini "Cəngi"nin tutmasıdır.  Ən əsası sülh namusu uğrunda canımızdan, qanımızdan keçməyə hazır olduğumuz Vətənimizin varlığıdır. 
 
21  sentyabr 2015-ci il tarixində Akademik Zərifə Əliyeva adına liseyin müəllim-şagird kollektivi tərəfindən "Beynəlxalq Sülh Günü" "Vətəndə sülh, dünyada sülh" şüarı altında qeyd edildi. Məqsəd şagirdlərə azadlığın, sülhün dəyərini anlatmaq, Vətənə, torpağa, qısası insanlığa bəslənən sevginin paylaşıldıqca artan xəzinə olduğunu izah etmək idi. 
 
Tədbirin sonunda, böyüklü-kiçikli hamı Sülhün necə gözəl dəyər olduğunu dönə-dönə vurğuladı, gələcək nəsillərimizin, varlığımızın təməli və təminatçısının məhz Sülh olduğunu qeyd etdi.
 
Tədbirin təsirilə körpə qəlblərdə "Sülhün rəsmi" çəkildi. Sülh günümüz mübarək olsun!