Kamil odur ki, qoya dünyada bir əsər
Əsəri olmayanın yerində yellər əsər
Mövlanə
Ağıl kimi dövlət, yaxşı xasiyyət kimi dost, ədəb kimi miras, elm kimi şərəf olmaz. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə keçirilən Beynəlxalq Kimya Olimpiadası təhsilimizin uğurları sırasına daha bir uğur qatdı. İlk dəfə olaraq Azərbaycanımız ən mötəbər elm müsabiqəsinə ev sahibliyi etdi. Dünyanın 75-dən çox ölkəsindən gəlmiş qonaqlar vətənimizin gözəlliyinə,qonaqpərvərliyimizə, mədəniyyətimizin zənginliyinə, təşkilatçılığımızın yüksək səviyyədə olmasına heyran qaldılar. Məlumdur ki, bu elm müsabiqəsində bizim ən əsas amalımız bu şüarda öz əksini tapmışdı: "Elm meydanında biz də varıq".
Akademik Zərifə Əliyeva adına liseydə yetişən gənc istedadlara biz müəllimlərin bir məsləhəti var: "Siz elə bir dünyaya gəlmisiniz ki, orada yalnız güclülər seçilir. Siz də güclü olun, ancaq əsla vicdanınızı satmayın. Elmdə halallıq ən önəmli məsələdir. Çalışın ki, dünyanı ovcunuzda tutub əlinizi kainata uzada biləsiniz."
Sevindirici haldır ki, bu mötəbər yarışda Azərbaycan komandasının üzvlərindən liseyimizin builki məzunu, Azərbaycan Respublikasının Əməkdar müəllimi, öz elmində daim irəliləyən, yüksək uğurlar əldə edən Aygün Əzizovanın rəhbərlik etdiyi sinfin şagirdi Sergey Styopin seçilərək bürünc medalın sahibi oldu. O, uğur əldə etməyində müəllimlərinə borclu olduğunu söylədi.
Akademik Zərifə Əliyeva adına liseydə ən sevindirici hal dəstəkləyici mühitin olmasıdır. Bu dəstəkləyici mühiti yaradan isə başda liseyimizin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, yüksək savad və mədəniyyət sahibi olmasıyla istər müəllim, istərsə də şagirdlər üçün nümunə olan, bütün mürəkkəbliklər içərisində öz sadəliyi və təvazökarlığı ilə seçilən Mehriban xanım Vəliyevadır. O, daima yeni ruh, yeni nəfəs axtarışındadır. O, zərgər dəqiqliyi ilə kamil biliciləri öz müdriklik ocağına toplayaraq yüksək zirvələri fəth yolunda inamlı addımlarla irəliləyir.
Müəllimlərin daim inkişafda, axtarışda olması, uğur əldə etmələri şagirdləri də bu istiqamətdə ruhlandırır. Uğurlu müəllimlərin şagirdləri də uğur əldə etmək yolunda çəkinmədən mübarizəyə qoşulur və təhsilimizin dünyaya tanınmasında əvəzsiz xidmətlər göstərirlər.
Müəllimlərin daim inkişafda, axtarışda olması, uğur əldə etmələri şagirdləri də bu istiqamətdə ruhlandırır. Uğurlu müəllimlərin şagirdləri də uğur əldə etmək yolunda çəkinmədən mübarizəyə qoşulur və təhsilimizin dünyaya tanınmasında əvəzsiz xidmətlər göstərirlər.
Sergey Styopinin müsahibə zamanı dediklərindən:
- 2014-cü ildə Beynəlxalq Mendeleyev Olimpiadasına hazırlıq üzrə Azərbaycan komandasına daxil olduqdan sonra kimya elminə marağım daha da artdı. O zamana qədər mən olimpiadalara hazırlaşmırdım və yaxşı nəticələrim yox idi. Lakin son bir il ərzində yüksək səviyyəli kimya olimpiadalarına çox ciddi surətdə hazırlaşmağa başladım. Ötən dərs ilinin başlanğıcından bəri 47-ci Beynəlxalq Kimya Olimpiadasına hazırlıq çərçivəsində çoxsaylı olimpiada tapşırıqlarını həll etdim, hər gün bir neçə saatımı kimyaya ayırdım. Uğur qazanmağımda valideynlərimin, eləcə də Bakı Dövlət Universitetinin müəllimi, kimya üzrə fəlsəfə doktoru, dosent Xəmməd Əsədovun, MDU-nun tələbəsi Milana Ağayevanın xüsusi əməyini qeyd etmək istərdim. Eləcə də oxuduğum liseyin direktoru Azərbaycan Respublikasının Əməkdar müəllimi Mehriban Vəliyevaya, sinif rəhbərim, Azərbaycan Respublikasının Əməkdar müəllimi Aygün Əzizovaya göstərdikləri dəstəyə görə ayrıca minnətdarlıqlarımı çatdırmaq istəyirəm.
Olimpiada barədə təəssüratlarım böyükdür. Biz dəniz kənarında çox gözəl "Krezent Biç" otelində yaşayır, hər gün şəhərimizin tarixi yerlərinə baş çəkir və müxtəlif tədbirlərdə iştirak edirdik. İmtahan turlarının təşkili çox gözəl səviyyədə idi. Biz ən müasir avadanlıqlarla işləyirdik. Böyük kimya elminin imkanlarını qiymətləndirmək üçün bizə çox maraqlı tapşırıqlar təklif olunmuşdu. Burada, əlbəttə ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, onun əməkdaşlarının, ilk növbədə isə Bakı filialının rektoru, 47-ci Beynəlxalq Kimya Olimpiadasının prezidenti Nərgiz Paşayevanın xüsusu rolu qeyd edilməlidir. Məhz rektor professor Nərgiz Paşayeva bu olimpiadanın uğurlu keçməsi üçün çox işlər görmüşdür. Beynəlxalq Kimya Olimpiadasının Rəhbər Komitəsinin sədri, professor Dukvan Li də Bakda təşkil olunan tədbiri indiyə kimi iştirak etdiyi ən yaxşı olimpiada kimi qiymətləndirdi.
Gələcək planlarıma gəldikdə deməliyəm ki, mən MDU-nun Bakı filialının kimya fakültəsinə daxil olmuşam. Bir ildən sonra təhsilimi Moskvada davam etdirəcəyimə ümid edirəm. Gələcək həyatımı elmə həsr etmək istəyirəm. Öz vətənimin dünya ölkələri arasında daha da şöhrət qazanmasına və kimyanın böyük elm olduğunu sübut etməyə çalışacağam".
Biz də liseyimiz adından sevimli şagirdimizə uğurlar diləyir və elm meydanında göstərdiyi hünərlərin bol olmasını səmimi qəlbdən arzu edirik.