Paneldə həm yerli, həm də xarici mütəxəssislər iştirak edirdi. Bu imkana görə sərgi təşkilatçıları “Iteca Caspian”, həmçinin Rabitə və Yüksək Texnologiyalar nazirliyinə təşəkkür edirik. Xarici qonaqlarımızdan biri ACM-in əməkdar üzvü, beynəlxalq informatika olimpiadası işirakçılarının yaxşı tanıdığı, İOİ təşkilat komandasının üzvü, Elyakin Sxreyvers idi. Həmçinin, Uppsala universitetindən, ACM Avropa bölmə rəhbərləri şurasının əlaqələr üzrə icraçısı Virciniya Qrande də çıxış etdi. Yerli mütəxəssislərdən informatikanın Azərbaycanda təşəkkül tapmasında böyük rolu olmuş Ramin Mahmudzadə həm də ACM-in peşəkar üzvüdür. Təhsil nazirliyindən İsmayıl Sadıqov – Statistika və proqnozlaşdırma şöbəsinin müdiri, Elmər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan Tədris-innovasiya mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova və ADA Universiteti İT və mühəndislik fakültəsinin dekan əvəzi Fuad Hacıyev mövzu ətrafında dəyərli fikirlərini bölüşdülər.
İnformatika nəinki bizim həyatımıza daxil olub, bir neçə onillik ərzində həyatımızın hər sahəsini dəyişib. Bu gün tədris etdiyimiz informatika necə olmalıdır ki, 10 il sonranın tələbləri ilə səsləşsin? Belə fundamental məsələlərdən tutmuş, praktik məsələlər də müzakirə olundu. Məsələn, informatika dərsi məktəblərdə həftə ərzində neçə saat tədris olunmalıdır? İnformatika müəlliminin hansı bacarıqları olmalıdır? Universitetdəki kurrikulum proqramları məktəbdəki proqramla necə səsləşməlidir? Elmi tətqiqatda informatika necə istifadə olunmalıdır? Panelçilərin çıxışlarından sonra auditoyiya ilə açıq müzakirələr zamanı çox maraqlı təkliflər səsləndi”.