Qoca tarixin səhifələrində yazılmış və yaddaşlara əbədi həkk olunmuş qanlı faciələrdən biri də 20 Yanvar faciəsidir. Bu faciə tarixə qara hərflərlə yazılan, lakin Azərbaycan xalqının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi qeyd olunan bir faciədir. 20 Yanvar həm milli qeyrət günümüz, həm də müstəqil Azərbaycanın başlanğıcıdır.
Azərbaycanlıların azadlığa gedən yollarında həmişə qanlı və çətin maneələr olmuşdur. 19 yanvar gecəsi Bakıda azadlıq istəyən Azərbaycan xalqının üzərinə tanklarla gedən Sovet Ordusu silahsız, əllərində özlərini müdafiə edəcək bir şey olmayan azərbaycanlı üsyançıları əzmiş və arxalarında qadın və məsum körpələrin də olduğu yüzlərlə ölü, çoxlu yaralı, itkin insanlar buraxaraq artıq söndürülməsi mümkünsüz olan azadlıq atəşini daha da alovlandırmışdır. Rəsmi məlumata görə bu qanlı faciədə 133 nəfər həlak olmuş, 611 nəfər yaralanmış, 841 nəfər isə həbs edilmiş və 5 nəfər itkin düşmüşdür.
16 yanvar 2015- ci il tarixində Akademik Zərifə Əliyeva adına liseydə 1990-cı ildə baş vermiş və tarixdə "Qanlı Yanvar" olaraq xatırlanan 20 Yanvar qətliamının qurbanları yad edildi.
Tədbiri giriş sözü ilə açan liseyin təlim - tərbiyə işləri üzrə direktor müavini Leyla Fətiyeva 20 Yanvar faciəsi haqqında məlumat verdi, dinc əhaliyə qarşı törədilən bu cinayətdən söhbət açdı.
Daha sonra 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Faciə ilə bağlı liseyin təlim- tərbiyə işləri üzrə direktor müavini Ələddin Məmmədli, tarix müəllimi Pərviz Ağalarov, Azərbaycan dili müəllimi Nigar Axundova danışdı.
20 Yanvar faciəsi ilə bağlı video süjetin nümayişindən sonra şagirdlərin çıxışı oldu.
Tədbirin sonunda liseyin direktoru Mehriban Vəliyeva öz çıxışında yaşanmış faciənin qanlı olduğu qədər şərəfli bir yol olduğunu da qeyd etdi. Şagirdlərə qanımız, canımız hesabına qazanılmış "Azadlıq" adlı nemətin qədrini bilməyi və azad Azərbaycanın inkişafı uğrunda dayanmadan çalışmağı, bilikləri hesabına vətənimizin gücünə güc qatmağı tövsiyyə etdi.