15 sentyabr- Bilik Günü

15 Sentyabr 2015

     Məktəbləri olan bir millətin istiqbalı təhlükədə deyil.  
                                                                                                                       Otto Van Bismark
 
 
         Məktəb. Müdriklik ocağı. Sevginin, biliyin paylaşıldığı doğma yurd. Ana qucağı qədər isti, ata ocağı qədər müqəddəs. 
 
         Məktəb həyata hazırlıq deyil, elə həyatın özüdür. Müəllim bu həyatı oxumağı öyrədən müqəddəs varlıqdır. Müəllim hər şagirdini bir kitab kimi oxumağı bacaran mələk, bəzən isə içimizdəki donmuş dəyərləri parçalayan balta qədər kəskin biridir. Oxumağı sevmək həyatın cansıxıcı anlarını gözəl anlara dəyişməkdir. Müəllim bu yolda bizə yol göstərən ən yaxşı bələdçidir. Təhsil millətin gələcəyinin təminatçısıdır. Təhsil almış xalqı idarə etmək asan, onu kölələşdirmək imkansızdır. 
 
       15 sentyabr- Bilik günü Akademik Zərifə Əliyeva adına liseydə təntənəli şəkildə qeyd olundu. 
 
        Tədbir Azərbaycan Respublikasının himninin səslənməsi ilə başladı. Himn. Ruhumuzun, vicdanımızın, vətənə olan sevgimizin təcəssüm olunduğu ilahi musiqi. Bayrağımızın mavi səmaya yüksəlişi. Düşmənə göz dağı olan övladlarımızın yüksələn bayrağı qürur qarışıq xoşbəxtlikdən doğan göz yaşı ilə seyr etməsi. Liseyimizdə vətənə, torpağa, bayrağa olan sevginin təcəssümü. Möhtəşəm izdiham. Vətən və elm fədailəri. Birliyimizə, yenilməzliyimizə olan inamın bariz nümunəsi. 
 
 Himn səslənməsindən sonra tədbiri liseyin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Mehriban xanım Vəliyeva açıq elan etdi. O, çıxışında təhsilə dövlətimiz və ölkə rəhbərliyi tərəfindən qayğı və diqqətin olmasından söz açdı. Liseyin 2014-2015-ci tədris ilində əldə etdiyi uğurlardan söz açan Mehriban Vəliyeva bu uğurların davamlı olmasını və şagirdlərin bu yolda inamlı addımlarla irəliləməsini arzuladı. 
 
      Daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Əməkdar müəllim” adına layiq görülən Əzizova Aygün xanım və Mustafayeva Mehriban xanım çıxış etdilər,  bu ada layiq görüldüklərinə görə cənab İlham Əliyevə öz təşəkkürlərini bildirdilər. Bu il liseyimizin 3 müəllimi: Aslanova Gülxas, Şamilova Xanım və Rizayev Rüfət “İlin müəllimi” adına layiq görüldükləri üçün  Azərbaycan Respublikasının Təhsil naziri cənab Mikayıl Cabbarova öz dərin minnətdarlıqlarını bildirdilər. 
 
      Yasamal rayonu İcra Hakimiyyəti başçısının I müavini Səməd İsmayılov liseyimizin uğurları və onun cəmiyyətdə tutduğu etibarlı mövqedən söz açdı. 
 
       Məlum olduğu kimi, bu il liseyin 161 məzunu 100% nəticə göstərərək “Tələbə” kimi müqəddəs ad qazanmış, 40-dan çox məzunumuz 600-dən yüksək bal toplamış, onlardan 3-ü isə Prezident təqaüdünə layiq görülmüşdür. 
 
     Ən yüksək bal toplayan məzunlardan biri olan Əhmədzadə Nərgizin valideyni Qəribə xanım liseyin müəllim heyətinə valideynlər və məzunlar adından təşəkkür edərək haqlarının ödənməz olduğunu vurğuladı.
 
     Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra söz şagirdlərimizə verildi. Şagirdlərimizin ifasında “Arzular” və “Əziz müəllim” mahnısı oxundu, rəqs müəllimləri Nigar xanım və Ramin bəy tərəfindən “Naz eləmə” rəqsi nümayiş etdirildi. 
 
Tədbirin sonunda liseyimizin 10r1 sinif şagirdi Əliyev Əli "Bayraq" başlıqlı şeirlər toplusu ilə çıxış etdi. 
 
Bu şeirdəki fikir yaşından asılı olmayaraq hər kəsdə qəlbin ritminin artmasına səbəb oldu və beyinlərdə yalnız bir fikir dolaşdı: "Ey müqəddəs torpaq. Nə qədər ki biz varıq sənə heç bir xain göz baxmayacaq, sənin ata-babalarımız uyuduğu torpağına heç bir iblisxislətlilərin ayağı dəyməyəcək. Sən bizim ruhumuz və nəfəsimizsən. Anamızın qucağı kimi isti, atamızın yurdu kimi müqəddəssən.Vətən, unutma ki, biz sənin adını yer kürəsinə qızıl hərflərlə nəqş edəcəyik. Nə qədər ki sən varsan biz yenilməzik. Biz sənin övladların olmaqla fəxr edirik. Yaşa, ucal və daim var ol. Sənə ehtiram və əbədi sevgimiz olub, var,  olacaq da ".