12 may tarixində Akademik Zərifə Əliyeva adına liseydə "Təlimdə tər, döyüşdə zəfər" devizi altında X və XI siniflər arasında hərbi vətənpərvərlik yarışı keçirildi.
Liseyin hərbi rəhbəri Qılman Eyvazov yarış iştirakçıları ilə salamlaşdıqdan sonra komandalara uğurlar arzuladı və qeyd etdi ki, qoy güclülər qalib gəlsin.
Məktəblilər maneələr zolağından məharətlə keçmək, komandalarına qalibiyyət qazandırmaq üçün cəld hərəkətlə irəli atıldılar. Şagirdlər yarışda qalib gəlmək üçün bir neçə maneə zolağını keçməlidirlər. Yarışın qaydalarına uyğun olaraq məktəblilər əvvəlcə fiziki hazırlıqlarını nümayiş etdirməli, sonra kütləvi qırğın silahından qorunmaq üçün əleyhqaz geyməli, maneələr zolağını keçməli, yaralıya ilkin tibbi xidmət göstərməli idilər. Şagirdlər I yerə çıxmaq üçün bütün səy və bacarıqlarını səfərbər etmişdirlər. Komandalar sıra hazırlıqlarını yüksək səviyyədə nümayiş etdirdilər.
Akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva iştirakçıları salamladı və onların fiziki hazırlığından razı qaldığını bildirdi. M. Vəliyeva qeyd etdi ki, əziz şagirdlər siz həmişə liseyimizin başını uca etmisiz. Siz hamınız bu yarışın qalibisiniz. Hər birinizə gələcək həyatınızda uğurlar arzulayıram.
Yarışın fəxri qonağı Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Rüfət Əmirov çıxış edərək şagirdlərin gələcəkdə vətənə bacarıqlı əsgər, dövlətə layiqli vətəndaş olacağını qeyd etdi.
Sonda qaliblərə kuboku liseyin təlim- tərbiyə işləri üzrə direktor müavini Ələddin Məmmədli təqdim etdi.