Akademik Zərifə Əliyeva adına lisey Bakı şəhəri Yasamal rayonunda yerləşir. Lisey 2008-ci il 28 aprel tarixində Heydər Əliyev Fondunun dəstəyi ilə görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 85 illik yubileyi ərəfəsində istifadəyə verilmişdir. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.
Lisey Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən dövlət qurumudur və burada təhsil Azərbaycan və rus dillərindədir.
Qısa zaman kəsiyində lisey uğurları ilə qabaqcıl təhsil müəssisələrindən birinə çevrilmişdir. Liseydə təhsil IX-XI sinifləri əhatə edir. Siniflərin təmayüllər üzrə komplektləşdirilməsi şagirdlərin maraq göstərdikləri sahə üzrə daha dərin bilik almalarına səbəb olur. Liseydə fundamental və tətbiqi biliklərin tədrisi, zehni inkişafa dəstək olan bilik yarışlarının keçirilməsi, şagirdlərin sosial fəallığının təmin edilməsi, vətəndaşlıq tərbiyesi, ölkədaxili və beynəlxalq olimpiadalarda iştirak, dünya ölkələrindəki və eləcə də ölkəmizdəki nüfuzlu ali məktəblərdə təhsil almaq əsas prioritet məsələlərdən hesab olunur.
Akademik Zərifə Əliyeva adına liseydə peşəkar kollektiv fəaliyyət göstərir. Liseydə pedaqoji heyətin tərkibində üç fəlsəfə doktoru, iki dissertant, dörd Əməkdar müəllim, on altı “Ən yaxşı müəllim” adını almış, Qabaqcıl təhsil işçisi adına layiq görülmüş, fəxri fərmanla təltif olunmuş müəllimlər var. Bütün pedaqoji heyətin qarşısında duran başlıca vəzifə şagirdlərdə müstəqil düşünmək, mühakimə yürütmək, nəticə çıxarmaq, tədqiqat aparmaq, sağlam rəqabət apara bilmək və ən əsası dünyaya açıq bir insan kimi yetişmələri üçün zəruri olan bacarıq və vərdişləri formalaşdırmaqdır. Lisey 2009-cu ildən Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Elektron məktəb”pilot layihəsinə qoşulub. 2014-cü ildə “Ən yaxşı ümumtəhsil məktəbi ” adına layiq görülmüşdür.
Liseydə müəllimlərin pedaqoji inkişafına xüsusi diqqət yetirilir. Müəllimlərin yerli və beynəlxalq təcrübəni öyrənmək üçün ölkədaxili və ölkəxarici təlim, konfrans, seminarlarda iştirakı təmin edilir.
Liseydə Qiymətləndirmə sektoru fəaliyyət göstərir. Şagirdlərin inkişaf dinamikasını izləmək və düzgün nəticə çıxarmaq üçün müxtəlif tipli ölçmə vasitələrindən istifadə olunur. Müəllimlər şagirdlərin tədris olunan bilik və bacarıqlara yiyələnərək həm elmli, həm də dünyagörüşlü dünya insanı kimi yetişmələri üçün çalışırlar. Müəllimlər şagirdlərin düşünmə qabiliyyətini dərinləşdirən, tənqidi və yaradıcı təfəkkürü formalaşdıran tapşırıq növlərindən istifadə edirlər.
Liseydə fəaliyyət göstərən “Kiçik akademiya”da şagirdlərin elmi layihələrdə iştirakı təmin olunur.
Liseydə beynəlxalq əlaqələr departamenti şagirdlərin beynəlxalq müsabiqələrdə, tədbirlərdə və təhsildə fəaliyyətini tənzimləyir.
Liseydə şagirdlərin sosial fəallığına prioritet məsələ kimi baxılır. Müxtəlif dərnək və klublar da bu istiqamətdə şagirdlərin meyil və maraqlarına görə dərsdənkənar fəaliyyətini qurmağa xidmət edir .