Kitabxana

Kitabxana ideyaların açıq masasıdır. Bura dəvət olunmuş hər kəs axtardığı qidanı tapa bilər. 

A.İ.Gertsen

 

 

     Məktəb kitabxanası məktəbin sinif otağı qədər önəmli bir hissəsidir və burada fəal,  canlı təlim – öyrətmə və öyrənmə prosesi getməlidir.  Bu baxımdan kitabxana müəllim və şagirdlərə işləmək üçün kifayət qədər rahat şərait, rəngarəng təlim resursları və səriştəli fasilitator – kitabxanaçı təklif etməlidir. Sinifdə başlayan təlim kitabxanada davam etməli və əksinə, kitabxanada yaranan öyrənmə prosesi sinifdə inkişaf etdirilməlidir. Təlim o zaman səmərəli və cəlbedici olur ki, öyrənmə üçün müxtəlif resurslardan istifadə imkanı olsun. Kitabxana təkcə dərsliklər və test kitabçaları deyil, həm də elm sahələri üzrə müasir kitablar, elmi-populyar kitab və jurnallar, ensiklopediyalar, müxtəlif sorğu ədəbiyyatı, atlaslar, xəritələr, audio və videofilmlər və s. təklif etməlidir. Dərslikdə verilən informasiyanın elmi ədəbiyyatda təsviri ilə tanışlıq şagirdin nəinki biliyini dərinləşdirir, həm də onda dünya haqqında tam və bölünməz təsəvvür yaradır, əsl tədqiqatçılıq bacarıqları inkişaf  etdirir.

       Ümumiyyətlə,  kitabxana insan ruhunun bütün zənginliyinin gizləndiyi bir xəzinədir. Yaxşı kitab ağıllı insanla söhbətə bərabərdir. Kitab aldatmayan dost, solmaz bitki, qısası, sirli dünyadır. Mütaliə bizi reallığa yaxınlaşdırmaq ücün bəzən reallıqdan uzaqlaşdıran paradoksal bir haldır. Maraqlısı budur ki, başqalarının ağıllı fikirlərini, kəlamlarını  oxuduqca o fikirlər bizdə də yaranmağa başlayır. Məhz bunları bilərək və dəstəkləyərək liseyin informasiya-resurs mərkəzində  ilboyu bir-birindən maraqlı tədbirlər , yəni: “Ən yaxşı oxucu mənəm” müsabiqəsi, rəngarəng, informativ sərgilər, kitab müzakirələri, tanınmış şair və yazıçılarla görüşlər, fənn həftələri, fəal oxuculardan təşkil olunmuş “Kitab klubu” və onun üzvləri ilə birgə klubun “Dərya” jurnalının hazırlanması və s. təşkil olunur keçirilir. Bu istiqamətdə aparılan işlər öz səmərəsini verir, belə ki, ildən ilə oxucularımızın sayı, kitabların dövriyyəsi artır. Bütün bunlar işimizdə yeni metod və formalardan istifadə etməyə sövq edir.

 

 

http://azerbaycan-kitabxanalari.az