Gənclər gününə həsr olunmuş ənənəvi " Məzun gecəsi" adlı tədbir keçirildi

02 Fevral 2016

2 fevral, 2016-cı il tarixində Akademik Zərifə Əliyeva adına liseydə Məzun Departamentinin təşkilatçılığı ilə Gənclər gününə həsr olunmuş ənənəvi "Məzun Gecəsi" adlı tədbir keçirildi. Tədbirdə liseyi müxtəlif illərdə bitirən məzunlar, liseyin müəllimləri doğma məktəb binasında yenidən bir araya gəldilər.  Tədbiri giriş sözü ilə liseyin 2013-cü il məzunu Aygün İmanova açdı. Sonra söz liseyin direktoru Mehriban Vəliyevaya verildi. Mehriban xanım məzunları salamladı, onları yenidən görməyinə şad olduğunu dedi. Mehriban Vəliyeva "Gənclər günü" bayramının tarixindən söz açdı və bu gün ölkəmizin inkişafında gənclərin oynadığı roldan bəhs etdi.  Gecədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xalq çalğı ansamblı Xalq artisti Zamiq Əliyevin bədii rəhbərliyi ilə "Şüştər rəngi" muğamını ifa etdi. Bir birinin ardınca səslənən xalq mahnıları "Xatırlayarsan", "Ay qəlbi kövrək", Cahangir Cahangirovun bəstəsi olan "Ay qız" mahnısı tədbirə gələn qonaqların zövqünü oxşadı. Daha sonra liseyin 2012-ci il məzunu Xaliq Qasımlının rejissorluğu, 2012 və 2014-cü illərin məzunları Vüsal Alquliyev və Rəşad Məmmədlinin akkyorluğu ilə çəkilmiş videoçarx nümayiş olundu. Tədbir müğənni Anar Bəylər və "Alarm" rəqs qrupunun ifaları ilə davam etdi.