15 Sentyabr-Bilik Günü

15 Sentyabr 2022

  Bu gün liseydə 2022-2023-cü tədris ilinin ilk dərs günü qeyd olundu. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Daha sonra 12-13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhəddinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatın qarşısını alarkən Azərbaycan ordusunun şəhid olmuş əsgər və zabitlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Liseyin direktoru Fərqanə İsayeva çıxış edərkən Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən igid oğullarımızın xatirəsinin hər zaman yaddaşlarda qalacağını, heç vaxt unudulmayacağını vurğuladı. F.İsayeva liseyin şagirdlərinə 2022-2023-cü tədris ilində uğurlar arzuladı.
  Tarix müəllimi Pərviz Ağalarov öz çıxışında 44 günlük Vətən müharibəsində igidlik göstərən Azərbaycan ordusunun əsgər və zabitlərinin, xalqın Ali Baş Komandanın ətrafında toplaşaraq “Dəmir yumruq” kimi birləşib düşmənə endirdikləri sarsıdıcı zərbələri tədbir iştirakçılarına bir daha xatırlatdı. O, əminliklə bildirdi ki, Azərbaycanın sərhədlərini pozmaq cəhdləri göstərən, təxribatlara əl atan düşmən hər zaman məğlub ediləcək.
  Sonda liseyə qəbul zamanı ən yüksək bal toplayan 9a1 sinif şagirdi Məmmədzadə Yusif 2022-2023-cü dərs ilinin ilk zəngini səsləndirərək şagirdləri sinif otaqlarına dəvət etdi.