Yazıçı Anarla üz-üzə

09 Yanvar 2018

Dahi gələcəyə uzanan yoldur

Viktor Hüqo

  9 yanvar 2018-ci il tarixində Akademik Zərifə Əliyeva adına liseyə gözlədiyimiz əbədiyyət günəşi gəldi. Bu günəş onu gözləyən hər bir kəsin qəlbinin zirvəsinə yüksəldi.

  “Ən yaxşı kitab sənin qəlbini vərəqləyən kitabdır”,- deyirlər. A.Martin yazırdı: “Kitab oxumayan insanlar yalnız bir həyat yaşayırlar”. Mütaliəyə marağın artırılması, milli ədəbi irsimizi öyrənmək və öyrətmək hər birimizin ən əsas məqsədi olmalıdır. Məhz bu fikri əsas tutaraq,  “Görkəmli səxsiyyətlərlə görüş” layihəsinin yaradıcıları – liseyin direktoru , Əməkdar müəllim, f.e.d. Mehriban Vəliyeva və İnformasiya –resurs mərkəzinin (kitabxana) rəhbəri İradə Hacızadənin təşəbbüsü ilə növbəti görüş Azərbaycan Yazıçılar Birliyinin sədri , Xalq yazıçısı Anarla keçirildi. 

  Yazıçının öz fikri ilə desək: “ Səadət –sevinc ümidiylə , xoşbəxtlik intizarında , gələcək həsrətində yaşamaq və nə isə hey gözləmək, gözləmək, gözləməkdir...”

  Onu gözləmək o qədər gözəl idi ki... Bizi onunla tanış edən , onu bizə sevdirən Təhminə, Zaur, Kəbirlinski , Oqtay , Əsmər və daha kimlər, kimlər xəyalımızdan keçmədi ki... Onlara əbədi həyat bəxş edən və qəlbimizdə əbədi imzası olan Anar müəllimlə görüş hicranın vüsalla əvəz edilməsinə bənzəyirdi. 

  Tədbiri Mehriban xanım Vəliyeva açıq elan etdi:

  - “Anar müəllimin əsərlərini hər yaşda bir cür qavrayır, hiss edirik. Bir neçə sənətkar var ki, onların yaradıcılığına təkrar-təkrar qayıtmaq, yenidən oxuyub, ayrı yöndən dərk etmək lazım olur. Anar müəllim belə sənətkarlarımızdandır. Təxminən iki aydır ki, biz şagirdli, müəllimli, hamımız Anar yaradıcılığı ilə yaşayırıq. Hamımız bu böyük yazıçını sevə-sevə oxuyuruq, həmçinin şagirdlərimizə də oxudub, müzakirələr edirik. Əlbəttə, Anar müəllim bir çox suallara elə əsərlərindəcə cavab verir. Amma biz istədik ki, bu gün onunla üz-üzə olub bəzi məsələləri özündən soruşaq... Lakin daha öncə sizləri Anarın şəhərinin sakinləri ilə görüşdürmək istədik...”

  Əməkdar artist, liseyin dram dərnəyinin rəhbəri Bəhruz Vaqifoğlunun Onun müxtəlif hekayələri əsasında hazırladığı, əsas rolları liseyin şagirdləri Atakişiyeva Leyla, Əliyev Məcid, Əhmədova Həqiqət, Əliyeva Xəyalə, Qənbərli Rəsul, Hüseynov Əbülhəsən, Mehdixanlı Emil, Əlizadə Elvin, Həziyev Teymur, Yusifli Fidan, Seyidli Zöhrə, Əzizov Aqşinin canlandırdığı “Asılqanda işləyən qadının söhbəti”, “Mən, Sən, O və telefon”, “Taksi və vaxt” və digər hekayələr əsasında hazırlanan “Anar şəhərinin sakinləri” adlı kiçik tamaşanı böyük maraqla izlədi. İradə Hacızadə və 11a1 sinif şagirdi Ziya Muxtarovun hazırladığı “ Ömür yolu” adlı video- çarxa baxdı, Azərbaycan dili və ədəbiyyat müəllimi Bağırova Günelin ona həsr etdiyi və Əli Əliyevin səsləndirdiyi “ Mən kiməm?” monoloqunu dinlədi, ona ünvanlanan sualları cavablandırdı, liseyin İKT üzrə direktor müavini Kərim Tahiroğlunun hazırladığı “ Breyn Rinq” də şagirdlərlə yarışdı. 

  Xoşbəxt idik... O da, biz də...  Hər xəyalın sonu kimi bu görüşün də sonu var idi. Sonda 10r4 sinif şagirdi Şahin Əlibəylinin çəkdiyi portret , Azərbaycan dili və ədəbiyyat müəllimi Bağırova Günelin yazıçının “Mən , sən ,o və telefon” əsərindən təsirlənərək qələmə aldığı  “Bitməyən əlvida” hekayəsi ona təqdim olundu.

  Təəssüratları soruşulduqda dedi: “Bilirsiniz, əslində çox yerlərə dəvət edirlər, görüşlərdə oluruq. Amma səmimi deyim, uzun illərdir ki, bu qədər təsirləndiyim, təəccübləndiyim olmamışdı. Liseyin şagirdləri hekayələrimin qəhrəmanlarını professionallara xas şəkildə təqdim etdilər. Həmçinin mənim dilimdən yazılmış mətn, hazırlanan video da çox təsirlidir. Eyni zamanda tədbirdən əvvəl direktor Mehriban xanım liseyin uğurlarından, keçirilən tədbirlərdən, şagirdlərin imtahanlarda göstərdiyi nəticələrdən danışdı. Bütün bunlar bizi çox qürurlandırır. Əslində elə arzuladığımız da budur. Yeni gələn nəslin milli-mənəvi dəyərlərimizə, sənətə, sözə, ədəbiyyata bağlı böyüməsini istəyirik.Mən bu tədbirin təşkilatçılarına öz təşəkkürlərimi çatdırıram”.

  Anladıq... Həqiqətən də, özü dediyi kimi: “Hər kəs öz sözünü, öz fikrini deməli, öz səsini qoruyub getməlidir. Yazıçı xoşbəxtdir. Onun səsi kağıza yapışır”.

  Onun səsi bu dəfə əbədi olaraq qəlbimizə köçdü və hər bir kəsin xatirəsində silinməz izlər buraxdı...

  Əziz Anar müəllim! Siz qəhrəmanlarınızı da, səsinizi duyan, sizin əsərlərinizi oxuyan hər kəsi də bəxtiyar edirsiniz. “Yağışlı gecə” hekayəsində yazdığınız kimi: 

  -Daha bizə nə qalır? Yazmaq... Yazmaq... Qəhrəmanlarımızı bəxtiyar edirik. Qəhrəmanlarımızın sevdikləri taksilərdə əbədi getmirlər. Getsələr də qayıdırlar. Mütləq qayıdırlar.

  Anar müəllim! Siz bizə sevginizi, inamınızı, ümidinizi, hədiyyə qoyub getdiniz. Daha bizə nə qalır? Gözləmək... Gözləmək... Gözləmək... Biz bir gün yenə görüşəcəyik. Mütləq görüşəcəyik.

İmza: Əbədi sevgiylə Sizin şəhərin sakinləri